ABŞ Braziliyadan idxala 25% rüsum tətbiq edir, lakin bir sıra istisnalar var

10:45 - 16.07.2026


16 iyul, Fineko/abc.az. ABŞ-ın Braziliyadan idxala tətbiq etdiyi yeni rüsumlar gələn həftə qüvvəyə minəcək və ölkədə istehsal olunmayan bəzi mallara şamil edilməyəcək.

Bu barədə ABŞ Ticarət Nümayəndəliyinin (USTR) yaydığı bəyanatda bildirilir.

Associated Press-in izahına görə, rüsumlar ABŞ-da istehsal olunmayan və ya Amerika hakimiyyətinin fikrincə, tətbiqi tədarük zəncirlərini poza biləcək bəzi mallara aid olmayacaq.

Agentliyin məlumatına görə, yeni rüsumlardan azad edilən mallar sırasına qəhvə, mal əti, portağal və portağal şirəsi, neft-qaz sektorunun bəzi məhsulları, eləcə də aerokosmik sənaye üçün hissə və komponentlər daxildir.

Bundan əvvəl ABŞ-ın dövlət katibi Marko Rubio bildirib ki, ABŞ hakimiyyəti prezident Donald Trampın tapşırığı ilə Braziliyadan idxal olunan malların böyük hissəsinə 25 faiz rüsum tətbiq edəcək.