Son altı il ərzində Azərbaycanın qeyri-neft ixracı iki dəfə artıb

11:43 - 11.06.2026


11 iyun, Fineko/abc.az. 2025-ci ildə ölkə iqtisadiyyatının 71,5 %-i qeyri-neft sektoru olub. Deməli, neft-qaz sektoruna düşən pay 30 %-dən azdır. “Biz 20 il əvvəlki dövrə nəzər salsaq, bu rəqəm 45 %-ə çatmırdı, 43,5–43,6 % civarında idi. Bu, keçdiyimiz yolu göstərir. Onu göstərir ki, həyata keçirilən siyasət uğurludur.

ABC.AZ-ın məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov ITV və AZƏRTAC-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, son altı il ərzində Azərbaycanın qeyri-neft ixracı təxminən iki dəfə artıb:

“Bu il də həmin artım dinamikası davam edir. Cari ilin dörd ayı ərzində qeyri-neft ixracının həcmi 17 %-dən çox artıb. Bu, kifayət qədər yüksək sürətdir. Burada biz hər zaman, həmçinin qeyri-neft ixracının keyfiyyətinə, yəni onun hansı məhsullardan ibarət olması məsələsinə fokuslanırıq.

Ölkənin iqtisadi dayanıqlılığı, yəni bizim əsas hədəfimiz həmin məhsulların çeşidinin artırılmasından qaynaqlanır. Məhsulların çeşidinin artırılması ilə yanaşı, ixrac coğrafiyasının genişləndirilməsi məsələsi də xüsusi önəm daşıyır. Sirr deyil ki, dünya ticarətində, xüsusilə də qeyri-neft məhsullarında bütün ölkələr müəyyən tarif baryerləri tətbiq edirlər. Ona görə də bizim əksər satışlarımız azad və ya preferensial ticarət sazişimiz olan ölkələrlə həyata keçirilir. Çünki bu tərəfdaşlarla ticarətdə qarşılıqlı olaraq idxal tarifi tətbiq edilmir.

Biz bu gün nəzər salsaq görərik ki, azad ticarət sazişlərimiz yalnız postsovet ölkələri ilə mövcuddur. Bu, bir tərəfdən bizim qeyri-neft ixracımızın coğrafi imkanıdırsa, digər tərəfdən məhdudlaşdırıcı bir amildir. Biz müvafiq olaraq, preferensial ticarət sazişləri vasitəsilə bu coğrafiyanın genişləndirilməsinə üstünlük veririk”.