Azərbaycanın xarici dövlət borcu azalıb, strateji valyuta ehtiyatları isə artıb

17:04 - 10.06.2026


10 iyun, Fineko/abc.az. Azərbaycanın xarici dövlət borcu azalmağa davam edir.

ABC.AZ Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, 2026-cı il iyunun 1-nə ölkənin xarici dövlət borcu 4 milyard 642,4 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8% azdır.

Eyni zamanda, Azərbaycanın strateji valyuta ehtiyatları artım nümayiş etdirərək 88 milyard 438,6 milyon ABŞ dollarına çatıb. İllik müqayisədə ehtiyatların həcmi 15,2% artıb.

Bank sektorunda da müsbət dinamika qeydə alınıb. Mayın 1-nə iqtisadiyyata kredit qoyuluşlarının həcmi 32 milyard 631,8 milyon manata yüksələrək illik müqayisədə 9,1% artıb. Fiziki şəxslərin banklardakı əmanətləri isə 17 milyard 641,9 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18,8% çoxdur.

Bununla yanaşı, Azərbaycan Respublikasının dövlət büdcəsi 2026-cı ilin yanvar–may aylarını profisitlə başa vurub. Hesabat dövründə dövlət büdcəsinin gəlirləri 16 milyard 365,7 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 4,5% azdır. Dövlət büdcəsinin xərcləri isə 13 milyard 375,2 milyon manat olmaqla 2,3% azalıb.

Nəticədə gəlirlərlə xərclər arasındakı müsbət fərq hesabına büdcədə 2 milyard 990,5 milyon manat həcmində profisit formalaşıb. Aprelin sonuna bu göstərici 3 milyard 32,9 milyon manat idi.