ABŞ-ın əsas neft qovşağında böhran: Ehtiyatların tükənməsi tədarükün dayanması təhlükəsi yaradır

12:00 - 7.06.2026


7 iyun, Fineko/abc.az. Yaxın Şərqdəki münaqişə fonunda İranın Hörmüz boğazını bağlamasından sonra yaranan qlobal kəsir ABŞ-ın strateji neft ehtiyatlarını təhlükə altına qoyub. Dünyanın ən böyük boru kəməri qovşağı və WTI markalı neftin saxlanma mərkəzi olan Oklahomanın Kuşinq (Cushing) qovşağındakı anbarlar sürətlə boşalır.

ABC.AZ "Thomson Reuters"ə istinadən xəbər verir ki, ABŞ hökumətinin son məlumatlarına əsasən, Kuşinqdəki neft ehtiyatları 22,4 milyon barrelə düşüb. Ekspertlər xəbərdarlıq edirlər ki, əgər bu göstərici 20 milyon barrelik kritik həddən aşağı ensə, çənlər arası neftin nəqli çətinləşəcək və bu, neft axınının tamamilə dayanmasına səbəb ola bilər.

Qeyd olunur ki, Hörmüz boğazının bağlanması ilə dünya bazarı gündəlik 20 milyon barrel neftdən məhrum olub və emal zavodları bu boşluğu doldurmaq üçün ABŞ neftinə üz tutublar. Nəticədə may ayında ABŞ-ın neft ixracı tarixin ən yüksək səviyyəsinə — gündəlik 5,6 milyon barrelə çatıb. "Chevron" və "Exxon" rəhbərləri qlobal ehtiyatların sürətlə tükənməsi səbəbindən iyun və iyul aylarında neftin qiymətində kəskin sıçrayışların qaçılmaz olduğunu bəyan ediblər.