Güclü tərəfdaşları olan şirkətlər iri riskləri daha rahat idarə edə bilirlər - ASA rəsmisi

10:09 - 22.05.2026


 22 may, Fineko/abc. (özəl xəbər)  Sığorta şirkəti seçərkən müştərilər yalnız qiymət faktoruna diqqət etməməlidirlər.  

Bunu ABC.AZ-a açıqlamasında Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktorunun müavini Turanə Axundova deyib.

O qeyd edib ki, burada Maliyyə dayanıqlığı, ödəniş reputasiyası, müştəri xidməti, müqavilə şərtləri, rəqəmsallaşma səviyyəsi və şirkətin bazardakı davranışı vacib meyarlardır: "Şirkətin kapitalı, bazardakı nüfuzu, uzunmüddətli fəaliyyəti və ödəniş qabiliyyəti xüsusi əhəmiyyət daşıyır. Sığorta hadisələri zamanı ödənişlərin nə qədər operativ və problemsiz həyata keçirilməsi əsas göstəricilərdən biridir. Eyni zamanda, 24/7 dəstək, müraciətlərin operativ cavablandırılması, rəqəmsal xidmətlər və şəffaf kommunikasiya müasir dövrdə ciddi üstünlük hesab olunur.

Ucuz məhsul hər zaman yaxşı məhsul demək deyil. Müqavilələrdə göstərilən istisnalar, limitlər və imtina halları diqqətlə oxunmalıdır. Güclü beynəlxalq təkrarsığorta tərəfdaşlarına malik olan şirkətlər iri riskləri daha təhlükəsiz idarə edə bilirlər. Mobil tətbiqlər, onlayn müraciət imkanları, sürətli qiymətləndirmə və elektron xidmətlər də artıq mühüm seçim faktoruna çevrilib.Requlyatorla problemlər, tez-tez daxil olan şikayətlər və ya qeyri-şəffaf kampaniyalar müəyyən risk siqnalları hesab oluna bilər. Çünki sığortada əsas məsələ hadisə baş verdiyi zaman şirkətin real ödəniş qabiliyyəti və müştəriyə münasibətidir".

Müəllif: Elmir Muradov