2025-ci ildən biz intervalları mərhələli şəkildə azaltmağa başlamışıq - “Bakı Metropoliteni” QSC-nin sədri

10:55 - 13.05.2026


13 may, Fineko/abc.az. 2025–2030 Dövlət Proqramında yol-nəqliyyat infrastrukturu ilə bağlı bütün qurumlar üçün konkret tapşırıqlar müəyyənləşdirilib.

ABC.AZ xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov deyib.

O qeyd edib ki, “Bakı Metropoliteninə aid tapşırıqları əsasən üç qrupda cəmləşdirə bilərik: mövcud infrastrukturun stabil işləməsinin təmin olunması, onun müasirləşdirilməsi, eləcə də metro şəbəkəsinin genişləndirilməsi.

Buna əsasən, cari operativ işlər sərnişin sıxlığının azaldılmasına fokuslanıb. Hazırda Bakı Metropolitenini dünyada xidmət göstərən 213 metropolitenlə müqayisə etsək, sıxlıq dərəcəsinə görə top onluqda yerləşir. Qısa müddətdə infrastrukturu genişləndirmək mümkün olmadığını nəzərə alaraq, daha çox intervalları azaltmaqla sərnişin sıxlığını qismən aradan qaldırmaq istiqamətində işlər görülür.

Əvvəllər Bakı Metropoliteninin ən sıx hərəkətə malik “Həzi Aslanov – 28 May” istiqamətində 30 cüt qatar fəaliyyət göstərirdi. Bu, uzun müddət metropoliteninin texniki imkanlarının ən maksimal həddi sayılıb. 2025-ci ildən biz intervalları mərhələli şəkildə azaltmağa başladıq: əvvəlcə bunu 32 cüt qatara, daha sonra 34-ə, hal-hazırda axşam – pik saatlarda 36 cüt qatara çatdırmışıq. Bunun təməlində infrastrukturda yaxşılaşdırma işləri və hərəkət qrafikinin rəqəmsallaşması dayanır. Bu, faktiki olaraq mövcud infrastrukturumuzun yeni üst limitidir.

Bundan savayı, Bənövşəyi xətdə intervalları “Xocasən” stansiyasından “Avtovağzal” stansiyasına qədər istiqamətdə 16 dəqiqəlik intervalı 8 dəqiqəyə, “Avtovağzal”dan “8 Noyabr”a qədər istiqamətdə 10 dəqiqədən 5 dəqiqəyə endirdik. Yaşıl xəttin “Cəfər Cabbarlı – Xətai” sahəsində 12 dəqiqəlik intervalı 7 dəqiqəyə azaltdıq. “Həzi Aslanov – Əhmədli” istiqamətində isə 10 dəqiqəlik intervalımız pik vaxtlarda 5 dəqiqəyə endirildi”. ©Trend