11:09 - 7.05.2026
7 may, Fineko/abc.az. -(özəl xəbər)- Bildiyiniz kimi, bir müddət əvvəl Azərbaycan Mərkəzi Bankı (AMB) "Atasığorta"nın lisenziyasını ləğv edib. Sözügedən şirkətin lisenziyasının ləğv olunması ağıllarda suallar yaratdı. Bəzi ekspertlər sığorta sektorunda problemlərin olduğunu və buna görə də şirkətlərin buna tab gətirməyərək bağlanmağa doğru getdiyini jddia etdilər. Məsələnin tam dəqiqliyini öyrənmək üçün AMB-yə sorğu ünvanladıq.
ABC.AZ-ın sorğusuna cavab olaraq bildirildi ki, sığorta sektorunda nəzarət orqanı kimi Mərkəzi Bankın əsas vəzifələrindən biri də sığorta bazarını tənzimləmək və sığorta fəaliyyətinə nəzarəti həyata keçirməkdən ibarətdir.
Sığortaçının maliyyə sabitliyi və ödəmə qabiliyyəti ilə bağlı normativlərə əməl edilməsinin yoxlanılması qeyd edilən vəzifələrin həyata keçirilməsində Mərkəzi Bank tərəfindən istifadə edilən nəzarət alətlərinə daxildir.
"Qeyd edilməlidir ki, “AtaSığorta” ASC-nin (Cəmiyyət) lisenziyasının ləğvi Cəmiyyətin maliyyə dayanıqlığının sabit olmaması və sığortaçının gələcək fəaliyyəti ilə bağlı verdiyi strateji qərarla könüllü müraciəti əsasında baş vermişdir. Cəmiyyətin ləğv olunması sığorta sektorunun konsolidasiyası kimi deyil, bazarın zəif kapitalizasiyalı və risk menecmenti düzgün qurulmamış sığortaçılardan təmizlənməsi kimi başa düşülməlidir.
Cəmiyyətlə sığorta müqaviləsi bağlamış maliyyə istehlakçılarının hüquqlarının qorunması məqsədilə, qanunvericiliyin tələbləri gözlənilməklə “Atəşgah” Sığorta Şirkəti ASC ilə Cəmiyyət arasında bağlanmış müqavilə əsasında Cəmiyyətin qüvvədə olan bütün sığorta müqavilələri 10 aprel 2026-cı il tarixindən etibarən “Atəşgah” Sığorta Şirkəti ASC-yə ötürülmüşdür. Belə ki, ötürülmüş müqavilələrə münasibətdə 10 aprel 2026-cı il tarixindən əvvəl baş vermiş hadisələr üzrə Cəmiyyət, həmin tarixdən sonra baş vermiş hadisələr üzrə isə “Atəşgah” Sığorta Şirkəti ASC məsuliyyət daşıyır. Beləliklə, sığorta portfelinin ötürülməsi Cəmiyyətin maliyyə öhdəliklərinin azaldılması və istehlakçıların hüquqlarının qorunması istiqamətində atılmış addım kimi qəbul edilməlidir. Əvvəl də qeyd edildiyi kimi, Mərkəzi Bank tərəfindən daim sığorta sektorunun peşəkar iştirakçılarının fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun təşkil edilməsinə nəzarət edilməkdədir. Bununla bağlı istər daxili istərsə də xarici yoxlamalarla həmçinin Mərkəzi Banka daxil olan istehlakçı müraciətləri təhlil edilməklə, sığortaçıların xidmət keyfiyyətləri, bazar davranışları və maliyyə dayanıqlığı nəzarətdə saxlanılmaqdadır. Qeyd edilən addımların əsas hədəfi istehlakçılarda sığortaya inamın artırılması, onlara daha etibarlı sığorta xidmətlərinin göstərilməsi və sığortaçıların maliyyə dayanıqlığının möhkəmləndirilməsidir.
Onu da qeyd etmək lazımdır ki, Mərkəzi Bankın son dövrlərdə tətbiq etdiyi yeniliklər nəticəsində sığorta sektorunda risk‑əsaslı prudensial nəzarətə keçid sürətlənmiş və sığortaçılarda korporativ idarəetmə mühiti formalaşmışdır. Atılan addımlar sığortaçılarda daxili müdafiə xətlərinin formalaşmasına və risklərə həssas yanaşmağa fokuslanmaqla daha da dayanıqlı və sabit maliyyə göstəricilərinə malik olmalarına xidmət edəcəkdir" -; deyə AMB-dən bildirilib.
Müəllif: Elmir Muradov