BSTDB Azərbaycana ayırdığı vəsaitlərin həcmini 93,579 milyon avro artırıb

14:12 - 24.04.2026


24 aprel, Fineko/abc.az. İndiyədək Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB) Azərbaycana ayırdığı vəsaitlərin həcmini 93,579 milyon avro (15,4 %) artıraraq 701,614 milyon avroya çatdırıb.

ABC.AZ xəbər verir ki, bu barədə BSTDB-nin açıqladığı hesabatda qeyd edilib. Bankın hesabatına görə, sözügedən vəsait 42 əməliyyat üzrə ayrılıb.

Hazırda BSTDB-nin Azərbaycanda Direktorlar şurası tərəfindən təsdiqlənmiş 44 layihəsinin ümumi dəyəri 442,173 milyon avro təşkil edir. İmzalanmış sazişlər isə 46 layihə üzrə 439,58 milyon avro həcmindədir. Bu göstəricilər əvvəlki dövrlə müqayisədə müvafiq olaraq 11,379 milyon avro (2,6 %) və 71,043 milyon avro (19,3 %) artım deməkdir.

Bankın Azərbaycan üzrə portfelinin əsas hissəsini maliyyə institutları təşkil edir (49,37 %). Sonrakı yerlərdə enerji sektoru (35,88 %), daşınmaz əmlak (7,04 %), istehlak yönümlü sektor (3,99 %) və istehlak malları sektoru (3,72 %) qərarlaşıb. ©Report