Uber robotaksi bazarına 10 milyard dollardan çox sərmayə yatırır

10:20 - 16.04.2026


16 aprel, Fineko/abc.az. Uber, sürücüsüz avtomobillərin alınmasına və tərtibatçı şirkətlərdəki paylara 10 milyard dollardan çox sərmayə qoyub.

ABC.AZ xəbər verir ki, şirkət robotaksi bazarında rəqabət mövqeyini gücləndirmək üçün əvvəlki minimum aktiv modelindən uzaqlaşır.

Son bir il ərzində Uber ondan çox şirkətlə, o cümlədən Baidu və Rivian ilə razılaşmalar imzalayıb və 2026-cı ilə qədər ən azı 15 şəhərdə robotaksi xidmətini işə salmağı planlaşdırır.

Ümumi investisiya həcmi təxminən 2,5 milyard dollar tərəfdaş şirkətlərin kapitalına, əlavə olaraq isə təxminən 7,5 milyard dollar pilotsuz avtomobil parkının formalaşdırılmasına yönəldilib.

Uber Lucid Motors ilə razılaşmasını 500 milyon dollara qədər genişləndirib və ən azı 35 min avtomobil sifariş edib. 2020-ci ildə pilotsuz texnologiyalar üzrə bölməsini satdıqdan sonra şirkət rəqiblərini geridə qoymağa çalışır, lakin investor narahatlıqları səbəbindən son altı ayda səhmləri təxminən 23% ucuzlaşıb.