Azərbaycan Praqanın nəqliyyat sistemini Bakıda tətbiq edəcək?

14:23 - 15.04.2026


15 aprel, Fineko/abc.az. Azərbaycan nümayəndə heyəti şəhər mobilliyi və ictimai nəqliyyatın təşkil edilməsi sahəsində intellektual yanaşmaları öyrənmək üçün təlim məqsədilə Çexiyaya səfər edib.

ABC.AZ xəbər verir ki, bunu “Škoda Group”un satış üzrə meneceri Helena Xronik sosial şəbəkə hesabında bildirib.

Səfər proqramına Avropada inteqrasiya olunmuş nəqliyyat xidmətinin ən qabaqcıl koordinatorlarından biri hesab edilən “ROPID” şirkətinə ziyarət daxildir. Burada Azərbaycan nümayəndə heyətinə metro, tramvay, avtobus və dəmir yolunun sinxronlaşdırılmış hərəkət cədvəli və ümumi tarif sistemi ilə vahid orqanizm kimi işlədiyi model təqdim olunacaq.

H.Xronikin sözlərinə görə, Praqanın nəqliyyat sistemi müxtəlif nəqliyyat növlərinin vahid struktura yüksək dərəcədə inteqrasiyası sayəsində xüsusi maraq doğurur. Bu, təkcə sərnişinlər üçün rahatlığı artırmır, həm də şəhər infrastrukturuna düşən yükü əhəmiyyətli dərəcədə azaldır.

Görüşdə tərəflər elektron bilet satışı sistemlərinin tətbiqini, həmçinin sərnişin axınının monitorinqi, yüklənmənin proqnozlaşdırılması və şəhər mobilliyinin strateji planlaşdırılması üçün böyük məlumatlar (big data) texnologiyalarından istifadəni müzakirə edəcəklər.

“Biz müasir mobillik sahəsində Çexiyanın təcrübə və ekspertizasını bölüşmək imkanını yüksək qiymətləndiririk və bu səfərin Çexiya ilə Azərbaycan arasında əməkdaşlığın dərinləşməsinə təkan verəcəyinə ümid edirik”, – H. Xronik vurğulayıb. ©Report