09:53 - 8.04.2026
8 aprel, Fineko/abc.az. Çərşənbə günü keçirilən hərraclarda etalon markaların qiymətləri kəskin şəkildə ucuzlaşır.
Bakı vaxtı ilə saat 09:40-a olan məlumata görə, "ICE Futures Europe" birjasında "Brent" markalı neftin iyun fyuçersi 15,28 dollar (13,98%) ucuzlaşaraq bir barel üçün 93,99 dollara düşüb. Aprelin 7-də keçirilən hərracların yekununda bu müqavilənin dəyəri 0,50 dollar (0,46%) azalaraq bir barel üçün 109,27 dollar təşkil etmişdi.
Saat 09:40-a olan məlumata görə, "New York Mercantile Exchange" birjasında "WTI" markalı neftin may fyuçersi 17,11 dollar (15,15%) ucuzlaşaraq bir barel üçün 95,84 dollara enib. Ötən gün hərracların sonunda onun qiyməti 0,54 dollar (0,48%) artaraq bir barel üçün 112,95 dollar olmuşdu.

Qiymətlərin düşməsi ABŞ Prezidentinin Hörmüz boğazının tam və dərhal açılması müqabilində İrana qarşı zərbələrin iki həftə müddətinə dayandırılması barədə bəyanatları fonunda baş verir. Onun sözlərinə görə, İran da analoji addımlar atır.
İranın xarici işlər naziri Abbas Ərakçı ölkəsinin ABŞ ilə atəşkəsə razılıq verdiyini bildirib. İranın Milli Təhlükəsizlik Ali Şurası adından yayımlanan bəyanatda qeyd olunur ki, yaxın iki həftə ərzində ölkənin Silahlı Qüvvələri ilə koordinasiyalı şəkildə və texniki məhdudiyyətlər nəzərə alınmaqla Hörmüz boğazından təhlükəsiz keçidin mümkün olacağı gözlənilir.
Bundan əvvəl Tramp İranın Hörmüz boğazını açmaqdan imtina edəcəyi təqdirdə ciddi nəticələrin olacağı ilə bağlı xəbərdarlıq etmişdi.
"MST Marquee" analitiki hesab edir ki, elan olunmuş barışığa baxmayaraq, İran gələcəkdə Hörmüz boğazında gəmiçiliyə qarşı daha tez-tez hədə-qorxu gələ bilər və bazar bu cür risklərin artan səviyyəsini nəzərə alacaq.