Ağdamdakı Sənaye zonasından 62,3 milyon manatlıq məhsul ixrac olunub

11:17 - 24.02.2026


24 fevral, Fineko/abc.az. Ağdam Sənaye Parkı qısa müddətdə regional iqtisadi mərkəzə çevrilib. Burada 32 rezident və 5 qeyri-rezident qeydiyyatdan keçib, 145,8 milyon manat investisiya yatırılıb və 1000-ə yaxın daimi iş yeri yaradılıb.

ABC.AZ xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin sədri Seymur Adıgözəlov deyib. Onun sözlərinə görə, rezidentlərin sayına görə park artıq ölkədə ikinci yerdədir. "Qeyd edim ki, işə qəbul zamanı yerli əhaliyə üstünlük verilir. Hazırda Ağdam Sənaye Parkında 13 müəssisə fəaliyyət göstərir. Parkda istehsal edilən məhsullar daxili bazarda satılmaqla yanaşı, həm də ixrac edilir. Sənaye parkında sahibkarlar tərəfindən 1,4 milyard manatlıq məhsul satışı həyata keçirilmişdir ki, bunun da 62,3 milyon manatlıq hissəsi ixrac olunub.

Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında isə 19 rezident və 3 qeyri-rezident qeydiyyatdan keçib. Parkda 43,8 milyon manatdan çox investisiya yatırılıb və 100-ə yaxın iş yeri yaradılıb" - deyə S.Adıgözəlov qeyd edib.

Müəllif: Elmir Muradov