Bosch-un 2025-ci il mənfəəti çip problemləri səbəbindən təxminən iki dəfə azalıb

15:24 - 30.01.2026


30 yanvar, Fineko/abc.az. Alman texnologiya konserni Bosch-un, dünyanın ən iri avtomobil hissələri tədarükçüsünün, ötən il mənfəəti təxminən iki dəfə azalıb.

ABC.AZ xəbər verir ki, ilkin məlumatlara görə, faiz və vergilər çıxılmadan əməliyyat mənfəəti (EBIT) 45% azalaraq 1,7 milyard avro olub. Şirkətin ticarət dövriyyəsi 91 milyard avro təşkil edib.

2025-ci ildə Bosch Nexperia adlı Niderland şirkəti ilə bağlı yaranan çip tədarükü gecikmələri səbəbindən ciddi problemlərlə üzləşmişdi. Konsern Almaniyada üç zavodda istehsalı qismən dayandırmaq məcburiyyətində qalmışdı. Eyni zamanda, Alman avtomobil sənayesi ümumilikdə ciddi çətinliklərlə üzləşir. Əvvəllər xəbər verilmişdi ki, Mercedes-Benz və Volkswagen kimi avtomobil nəhənglərinin zəif göstəriciləri fonunda sahədə təxminən 200 min iş yerinin ixtisar edilə biləcəyi gözlənilir.