11:54 - 29.01.2026
29 yanvar, Fineko/abc.az. Naxçıvan Muxtar Respublikasının ölkənin əsas elektrik enerji sistemi ilə birləşdirilməsi, eyni zamanda Azərbaycan–Türkiyə–Avropa beynəlxalq enerji dəhlizinin formalaşdırılması məqsədilə Zəngəzur xəttinin tikintisinə başlanılıb. “AzərEnerji” tərəfindən Cəbrayıldan Ağbəndə qədər 74 km, paralel olaraq isə Naxçıvandan Ordubadın sərhədinədək 105 km uzunluğunda, ikidövrəli və 1000 meqavat yükötürmə qabiliyyətinə malik 330 kilovoltluq yüksək gərginlikli ötürmə xətti inşa olunur.
Bu barədə ABC.AZ-a “AzərEnerji” ASC-dən məlumat verilib.
Layihənin növbəti mərhələsində Zəngəzur dəhlizini keçməklə 44 km məsafədə əlavə ötürmə xətti inşa ediləcək və həmin xətt gələcəkdə Ağbənd və Ordubad istiqamətində çəkilən xəttə birləşdiriləcək. Eyni zamanda Naxçıvan şəhərində yeni 330 kV-luq yarımstansiya tikiləcək.
Azərbaycan–Türkiyə–Avropa enerji dəhlizi layihəsinin davamı olaraq daha bir strateji mərhələnin icrası planlaşdırılır. Belə ki, 230 km məsafədə Naxçıvandan Türkiyəyə 400 kV-luq ötürmə xəttinin çəkilməsi və ölkə tarixində ilk dəfə olaraq 400 kV gərginlik sinfi üzrə çevirici yarımstansiyanın tikilməsi nəzərdə tutulur.