12:22 - 26.01.2026
26 yanvar, Fineko/abc.az. İnkişaf etmiş ölkələrin iqtisadiyyatlarda ÜDM-in artımı 2026-cı ildə 1,8% təşkil edəcək ki, bu da 2025-ci ildəki 1,7% göstəricisindən yüksəkdir.
ABC.AZ xəbər verir ki, bu proqnoz Beynəlxalq Valyuta Fondunun (BVF) yanvar ayında dərc olunmuş World Economic Outlook hesabatında yer alıb.
BVF-nin qiymətləndirməsinə görə, 2025-ci ilin yekunlarında inkişaf etmiş ölkələrin iqtisadiyyatında artım 1,7% səviyyəsində olacaq. ABŞ-da isə 2026-cı ildə ÜDM-in 2,4% artacağı gözlənilir ki, bu da 2025-ci ildə potensial artım səviyyəsi olan 2,1%-i üstələyir.
BVF hesab edir ki, iqtisadi artım tempinin yüksəlməsinə fiskal siyasət tədbirləri, Federal Ehtiyat Sisteminin faiz dərəcəsini azaltması, eləcə də ticarət maneələrinin mənfi təsirinin zəifləməsi şərait yaradır.
Proqnozlara əsasən, 2027-ci ildə ABŞ iqtisadiyyatının artımı 2,0% səviyyəsində sabit qalacaq. Buna səbəb korporativ investisiyalar üçün vergi güzəştlərini nəzərdə tutan “One Big Beautiful Bill Act” qanunu çərçivəsində formalaşan qısamüddətli fiskal stimuldur.
Eyni zamanda, texnoloji inkişafdan qaynaqlanan impulsun tədricən zəifləyəcəyi, lakin immiqrasiyanın azalması və istehlakın yavaşıması fonunda bu təsirin hələ də qismən kompensasiyaedici rol oynayacağı gözlənilir.
Proqnoza görə, avrozonada iqtisadi artım templəri 2026-cı ildə 1,3%, 2027-ci ildə isə 1,4% səviyyəsində sabit qalacaq. 2027-ci ildə artımın sürətlənməsi əsasən dövlət xərclərinin, xüsusilə Almaniyada artması, həmçinin İrlandiya və İspaniyada yüksək artım göstəricilərinin qorunub saxlanılması ilə əlaqələndirilir.