Azərbaycanda 2026-cı il üçün inflyasiya 4 % olacaq- Proqnoz

14:47 - 9.01.2026


9 yanvar, Fineko/abc.az. BMT Azərbaycanda 2026-cı il üçün inflyasiyanı 4 %, 2027-ci il üçün isə 3,5 % səviyyəsində proqnozlaşdırır.

ABC.AZ xəbər verir ki, bu barədə BMT-nin yenilənmiş məlumatlarında qeyd edilib.

BMT-nin qiymətləndirmələrinə görə, 2025-ci ildə Azərbaycanda inflyasiya 5,6 % təşkil edib.

Azərbaycan İqtisadiyyat Nazirliyinin proqnozlarına əsasən, ölkədə orta illik inflyasiya 2026-cı ildə 4,8 %, 2027-ci ildə isə 4,5 % təşkil edəcək. Azərbaycan Mərkəzi Bankının son proqnozlarına (2025-ci ilin oktyabr ayı) görə, cari ildə illik inflyasiya təxminən 5,7 % olacaq.

Niderlandın ən böyük bank qrupu olan "ING Group" Azərbaycanda orta illik inflyasiyanı 2026-cı ildə 5,3 %, 2027-ci ildə isə 8,9 % səviyyəsində proqnozlaşdırır. Dünya Bankı 2025-2026-cı illərdə Azərbaycanda orta illik inflyasiyanı 2,3 % səviyyəsində gözləyir.

Asiya İnkişaf Bankı Azərbaycanda 2026-cı ildə orta illik inflyasiyanı 3,5 % səviyyəsində proqnozlaşdırır.

"Moody's" beynəlxalq reytinq agentliyi Azərbaycanda cari ildə orta illik inflyasiyanın 3 %, "Fitch Ratings" 4,6 %, "Fitch Solutions" isə 2026-cı ildə 5,5 %, 2027-ci ildə isə 4,8 % səviyyəsində olacağını gözləyir.