Qarabağ bölgəsindəki mis konsentratının satışına başlanılıb

14:08 - 4.12.2025


4 dekabr, Fineko/abc.az. Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Britaniyanın "Anglo Asian Mining Plc." (AAM) şirkəti Qarabağ bölgəsindəki yeni "Dəmirli" mis mədənindən mis konsentratının satışına başlayıb.

ABC.AZ AAM-in məlumatına istinadən xəbər verir ki, əvvəllər Sinqapurun "Trafigura Pte Ltd" transmilli ticarət şirkəti ilə "Dəmirli" mədənində hasil olunan konsentratın satışı haqqında müqavilə imzalayıb.

"Noyabrın 17-30 tarixlərində "Trafigura" şirkətinə 351 ton mis tərkibli 2 055 ton mis konsentratı satılıb. Bu, Azərbaycan hökumətinin payı çıxılmadan satışdan ilkin olaraq 3,6 milyon ABŞ dolları məbləğində ümumi gəlir əldə edilib", - məlumatda deyilir.

Şirkət qeyd edir ki, Gəncə yaxınlığında, Azərbaycan və Gürcüstan arasındakı əsas avtomobil yolunun yaxınlığında yerləşən Dəliməmmədlidə konsentratın saxlanması və çatdırılması üçün ixtisaslaşmış logistika mərkəzi yaradılıb. Logistika mərkəzi 7 hektar ərazidə yerləşən 3 500 kvadratmetrlik tam qapalı anbarı və 1 500 kvadratmetrlik qapalı anbarı əhatə edir. Konsentrat şirkətin yük maşınları ilə "Dəmirli" mədənindən logistika mərkəzinə çatdırılır.

"Bu logistika mərkəzinin yaradılması "Trafigura" və AAM arasında sıx əməkdaşlığı göstərir və mis konsentratının səmərəli və tez satışına imkan verir", - məlumatda deyilir.

Şirkət həmçinin qeyd edir ki, istehsal həcminin artırılmasına yönəlmiş strategiyaya uyğun olaraq, AAM 2025-ci ilin noyabr ayında "Dəmirli" mədənində rekord həcmdə - 1 milyon 951,101 min ton dağ süxuru hasil edib.