Bu səbəbdən Azərbaycan Qazaxıstandan neft alışını artırıb

10:31 - 20.11.2025


20 noyabr, Fineko/abc.az. Azərbaycan Qazaxıstandan xam neft alışlarını 2025-ci ilin ilk üç rübündə 87.3 min tona yüksəldib.

ABC.AZ xəbər verir ki, bu da illik müqayisədə 152 faiz artım deməkdir.

İdxal edilən xam neftin dəyəri isə $48.3 mln. olmaqla illik 112 faiz artım edib.

Ötən il Qazaxıstandan ümumilikdə 34.6 min və ya $22.8 mln. həcmində xam neft alınmışdı.

Azərbaycan Mərkəzi Asiya ölkələrindən öncəki ildə də neft alışı həyata keçirirdi. Məsələn, Dövlət Statistika Komitəsinin açıqladığı keçən ilin ilk üç rübündə Türkmənistanda 131.7 min ton ($75.8 mln.) xam neft idxal etsə də, 2025-ci ildə idxal dayanıb.

Qeyd edək ki, Qazaxıstandan idxalın kəskin artması bu ölkənin neft ixracını Rusiya marşrutlarından diversifikasiya etmək strategiyasının tərkib hissəsidir.

Rusiya-Ukrayna müharibəsi və sanksiyalar fonunda Qazaxıstan Azərbaycan üzərindən nəqli aktivləşdirir. Hazırda iki ölkə arasında Bakı-Supsa boru kəməri vasitəsilə illik 3 milyon tona qədər neftin nəqli ilə bağlı danışıqlar gedir. Bu kəmər, Səngəçal terminalından başlayaraq Gürcüstanın Supsa limanına qədər uzanır və ildə təxminən 5 milyon ton neft nəql etmək gücünə malikdir.

Bununla bağlı 2025-ci ilin martında hər iki ölkənin əsas neft şirkətləri bu danışıqları apardıqlarını açıqlamışdılar.