BƏƏ şirkəti "Cənub Qaz Dəhlizi"ndə pay alıb

15:45 - 3.11.2025


3 noyabr, Fineko/abc.az. Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən ADIPEC sərgisi çərçivəsində ADNOC şirkətinin beynəlxalq enerji investisiya qolu olan XRG tərəfindən Azərbaycan İqtisadiyyat Nazirliyindən "Cənub Qaz Dəhlizi" QSC-də pay əldə olunmasına dair hüquqi öhdəlik yaratmayan Əsas Şərtlərlə bağlı Razılaşma imzalanıb.

ABC.AZ İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, sənəd Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin sentyabrında ölkəmizdə səfərdə olan BƏƏ-nin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşü çərçivəsində mübadilə edilən "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə XRG ASC arasında Cənub Qaz Dəhlizində investisiya haqqında Anlaşma Memorandumu"na uyğun olaraq imzalanıb.

Razılaşmanı iqtisadiyyat naziri, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və XRG-nin icraçı sədri, baş icraçı direktoru Sultan Əl Cabir imzalayıblar.

Bu razılaşma SOCAR və XRG arasında əməkdaşlığı qaz hasilatından Avropada enerji təchizatını şaxələndirmək istəyən bazarlara enerji resurslarının etibarlı çatdırılmasına qədər genişləndirmək potensialına malikdir. Eyni zamanda Azərbaycan ilə BƏƏ arasında strateji tərəfdaşlığa əsaslanan münasibətlərin, o cümlədən iqtisadi əlaqələrin, enerji layihələri üzrə əməkdaşlığın daha da genişləndirilməsinə, həmçinin ölkəmizin iqtisadi inkişafına və etibarlı tərəfdaş kimi rolunun daha da möhkəmlənmasinə töhfə verəcək.