14:58 - 28.10.2025
28 oktyabr, Fineko/abc.az. “Lukoil” xarici aktivlərini satmaq niyyətində olduğunu açıqlayıb.
Bu, ABŞ və Böyük Britaniyanın şirkətə və onun törəmə müəssisələrinə qarşı tətbiq etdiyi sanksiyalara cavab hesab olunur.
ABC.AZ xəbər verir ki, satış prosesi 2025-ci il noyabrın 21-dək xarici əməliyyatların dayandırılmasına icazə verən OFAC lisenziyası çərçivəsində həyata keçiriləcək və lazımi halda müddətin uzadılması üçün müraciət edilə bilər.
Şirkət artıq potensial alıcılardan təklifləri nəzərdən keçirməyə başladığını bildirib.
“Lukoil” Qazaxıstan, Özbəkistan, Azərbaycan, İraq, Kamerun, Nigeriya, Qana kimi ölkələrdə layihələrə, eləcə də Avropa, ABŞ və digər bir sıra ölkələrdə neft emalı zavodlarına və yanacaqdoldurma məntəqələri şəbəkəsinə malikdir.
ABŞ Maliyyə Nazirliyi 2025-ci il oktyabrın 22-də “Lukoil” və “Rosneft”ə qarşı sanksiyalar tətbiq edib. Məhdudiyyətlər bu şirkətlərin payı 50 faizdən çox olan bütün qurumlara şamil olunur.
Satışın əsas məqsədi sanksiya rejimi müddətində beynəlxalq aktivlərin fasiləsiz işləməsini təmin etməkdir.