11:27 - 30.09.2025
30 sentyabr, Fineko/abc.az. 2025-ci ilin avqust ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında şaftalı (33 milyon ABŞ dolları) birinci olub.
ABC.AZ-ın məlumatına görə, bu barədə məlumat “İxrac icmalı”nın sentyabr sayında öz əksini tapıb.
Qeyd olunub ki, bu siyahıda qızıl (32 milyon ABŞ dolları) ikinci, pambıq lifi (16,6 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
Cari ilin səkkiz ayında Rusiya Federasiyasına 814,1 milyon ABŞ dolları, Türkiyəyə 394,5 milyon ABŞ dolları, İsveçrəyə 220,2 milyon ABŞ dolları, Gürcüstana 216,4 milyon ABŞ dolları, Ukraynaya isə 131,8 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2025-ci ilin avqust ayında Rusiya Federasiyasına 97,4 milyon ABŞ dolları, Türkiyəyə 54,8 milyon ABŞ dolları, İsveçrəyə 33,6 milyon ABŞ dolları, Gürcüstana 32,9 milyon ABŞ dolları, Ukraynaya isə 21,9 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.
Müəllif: Elmir Murad