Gemini kriptobirjası IPO zamanı 425 milyon dollar cəlb edib, səhmlər proqnozdan yuxarı yerləşdirilib

17:19 - 12.09.2025


12 sentyabr, Fineko/abc.az. Əkiz qardaşlar Kameron və Tayler Vinklvossların rəhbərlik etdiyi Gemini kriptovalyuta birjası uğurla ilkin kütləvi səhmlərin yerləşdirilməsini (IPO) həyata keçirərək 425 milyon dollar cəlb edib.

ABC.AZ xəbər verir ki, şirkətin səhmləri 12 sentyabr, cümə günü Nasdaq birjasında GEMI tikerilə ticarətə başlayıb. Bu barədə The Block yazır.

Şirkət A sinifindən olan 15,18 milyon səhm satıb (səhm başına 28 dollar). Bu, daha öncə açıqlanan 24–26 dollar aralığından yüksək olub ki, bu da investorların güclü marağından xəbər verir.

IPO-nun anderrayterləri qismində Wall Street-in aparıcı bankları — Goldman Sachs, Citigroup və Morgan Stanley çıxış ediblər.

Bloomberg-in məlumatına görə, IPO-dan sonra Vinklvoss qardaşları səhmlərin 94,5%-nə nəzarəti saxlayacaqlar. Həmçinin bildirilib ki, Nasdaq Inc.  birjası  fərdi yerləşdirmə çərçivəsində Gemini səhmlərini 50 milyon dollara almağa razılaşıb.