14:34 - 10.07.2025
10 iyul, Fineko/abc.az. SİMA rəqəmsal identifikasiya həlli artıq taksi sifarişi ötürülməsi üçün nəzərdə tutulmuş Bolt, Uber və Yango mobil tətbiqinə inteqrasiya edilib.
ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatında deyilir.
İnteqrasiya nəticəsində artıq Bolt, Uber və Yango mobil tətbiqi üzərindən sifariş alan sürücülər mobil tətbiqdə identifikasiyadan keçərkən SİMA-nın biometriya texnologiyası vasitəsilə öz şəxsiyyətlərini təsdiqləyəcəklər.
Bu funksionallıq bir neçə mərhələdə tətbiq olunur:
- Tətbiqə ilkin qeydiyyat zamanı;
- Sistemə yenidən daxil olduqda (re-login);
- Alqoritm əsasında gün ərzində bir neçə dəfə təsadüfi selfi yoxlamaları zamanı (sifariş tələbi gələn zaman, sifariş davam edirsə, sifarişin tamamlanması gözlənilir).
Bu texnologiyanın tətbiqi, sürücülərin şəxsiyyətini real vaxt rejimində təsdiq etməklə qeyri-qanuni profil istifadəsinin qarşısını almağa, eləcə də ictimai təhlükəsizliyi artırmağa xidmət edir.
8 Avqust 2026
8 Avqust 2026