İlham Əliyev İran rəsmisini qəbul edib

14:10 - 1.04.2025


1 aprel, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev aprelin 1-də İran Prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayini qəbul edib.

ABC.AZ xəbər verir ki, qəbula görə minnətdarlığını bildirən Mehdi Sənayi İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını İran dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Ölkəmizə daha əvvəllər də səfər etdiyini xatırlayan qonaq Azərbaycanın davamlı inkişafının şahidi olduğunu dedi.

Mehdi Sənayi İranın qonşu dövlətlərlə, xüsusilə tarixi, dini, mədəni bağlılığı olan Azərbaycan ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiyini vurğuladı, hazırda ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə inkişafından məmnunluğunu bildirdi.