Qarabağda müəssisələr bir çox vergi və rüsumlardan azad olunub

11:08 - 7.03.2025


7 mart, Fineko/abc.az. Azad edilmiş ərazilərimizin iqtisadi reinteqrasiyası ölkənin dayanıqlı inkişafına geniş imkanlar vəd edir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında biznes üçün əlverişli mexanizmlərin yaradılması, sahibkarlıq fəaliyyətinin təşviqi, tətbiq edilən vergi, gömrük, sosial sığorta və digər güzəştlər regionun inkişafında və biznes cəlbediciliyinin artırılmasında mühüm rol oynayır.

İqtisadiyyat Nazirliyindən ABC.AZ-a bildirilib ki, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın uğurla icrası bu baxımdan böyük önəm daşıyır.

Bölgədə yeni istehsal müəssisələrinin qurulması, məşğulluğun təmin olunması məqsədilə yerli və xarici investorların cəlbi istiqamətində dəstək tədbirləri xüsusi qeyd edilməlidir.

Bölgədə istehsal fəaliyyəti ilə məşğul olan rezidentlər üçün idxal olunan texnika, texnoloji avadanlıq və qurğular, habelə xammal və materiallar ƏDV və gömrük rüsumlarından azad edilib.

Regionda fəaliyyət göstərən sahibkarlıq subyektləri mənfəət (gəlir), torpaq, əmlak və sadələşdirilmiş vergidən də azad olunub.

İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” mexanizmi çərçivəsində sahibkarlıq subyektlərini banklardan əldə etdikləri kreditlər üzrə zəmanət və subsidiya ilə təmin edir.