Bu şirkət dövlətdən uşaq bezləri və salfet kağızları müəssisəsini aldı

12:16 - 17.10.2024


17 oktyabr, Fineko/abc.az. Bakı şəhəri Qaradağ rayonu, Salyan şosesi, 23-cü km, 8X ünvanında yerləşən əmlak kompleksinin investisiya müsabiqəsi vasitəsilə satışı həyata keçirilib.

ABC.AZ xəbər verir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, müəssisə uşaq bezləri və salfet kağızlarının istehsalı üzrə ixtisaslaşıb.

Bu ilin sentyabr ayında müsabiqə komissiyası tərəfindən iddiaçıların təqdim etdiyi zərflər açılıb, təkliflər qiymətləndirilib və daha əlverişli şərtlər təklif edən “Rafa Group” Məhdud Məsuliyyətli Cəmiyyəti investisiya müsabiqəsinin qalibi elan olunub.

Müsabiqənin qalibi ilə imzalanmış alqı-satqı müqaviləsinə əsasən, investor dövlət büdcəsinə 15.000.000 manat vəsaiti köçürülməli, 5 il ərzində müəssisədə 10.800.000 manat həcmində İnvestisiya Proqramını icra etməlidir.

Bununla yanaşı, İnvestisiya Proqramı çərçivəsində müəssisədə ən azı 70 yeni iş yerinin yaradılması nəzərdə tutulur.