17:09 - 11.10.2024
11 oktyabr, Fineko/abc.az. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə və Serbiya arasında müdafiə əməkdaşlığı sahəsinə dronlar daxil olacaq.
"Müdafiə sahəsində razılaşmalar kontekstində əziz dostum Aleksandar Vuçiçlə İHA sahəsində də əməkdaşlıq imkanlarını müzakirə etdik. Əlbəttə ki, dronlar atacağımız addımların bir hissəsi olacaq. Bu baxımdan bizim və Serbiyanın öz imkanları var və biz bunu qiymətləndirəcəyik. Nazirlərimiz müvafiq işlər görəcəklər", - deyə Ərdoğan Belqradda Vuçiçlə birgə mətbuat konfransında bildirib.
ABC.AZ xəbər verir ki, Türkiyə Prezidenti deyib ki,"gələcəkdə iki ölkənin müdafiə sahəsində həyata keçirəcəyi addımlar kiminsə xoşuna gəlməyə bilər".
"Ancaq biz, iki siyasi lider, qərar qəbul edirik. Bizdən başqa heç bir ölkə Türkiyə və Serbiya müdafiə sənayesində əməkdaşlıq sahəsinə nəyin daxil edilməli olduğunu müəyyən etməyə çalışmamalıdır", - deyə Türkiyə lideri vurğulayıb.
"Biz bütün imkanlarımızdan maksimum istifadə edərək gələcəyə doğru irəliləyəcəyik. İndi dövlətlərimiz arasında işgüzar əməkdaşlığın həcmi 1 milyard dollar təşkil edib.95 layihə həyata keçirilir və Serbiyanın inkişafına töhfə verən 10 mindən çox insan çalışır. Türkiyənin Serbiyaya yatırdığı investisiyaların həcmi isə son 12 ildə 1,405 milyard dollar səviyyəsinə çatıb", - deyə Ərdoğan bildirib.
8 Avqust 2026
8 Avqust 2026