Süni intellektin müsbət və mənfi tərəfləri

15:07 - 26.09.2024


26 sentyabr, Fineko/abc.az. Süni intellekt texnologiyasındakı irəliləyişlər əsasında cəmiyyətdə köklü dəyişikliklər və qlobal problemlərin həlli proqnozlaşdırılır.

ABC.AZ xəbər verir ki, bunu “OpenAI” şirkətinin baş direktoru Sem Altman “İntellekt əsri” adlı məqaləsində qeyd edib. O süni intellektin (AI) formalaşdırdığı gələcəyə baxışını bölüşüb.

Altmanın sözlərinə görə, özündən əvvəlki kənd təsərrüfatı və sənaye əsrləri kimi, intellekt əsri də insan həyatını və fəaliyyətini yenidən müəyyənləşdirəcək, bu gün çətinliklə dərk edə bildiyimiz yeni tərəqqi dövrünü açacaq.

Altman yazır: “Növbəti bir neçə onillikdə nənə və babalarımıza sehrli görünən dəyişikliklər baş verəcək”. O, süni intellektin insan həyatının ayrılmaz hissəsinə çevriləcəyi, misli görünməmiş yaradıcılıq və məhsuldarlığa kömək edəcəyi bir gələcəyi nəzərdə tutur: “Bunların hamısı birdən baş verməyəcək, amma tezliklə süni intellektlə işləyə biləcəyik ki, bu da bizə geniş imkanlar verəcək”.

Əmək bazarlarında potensial problemlərə baxmayaraq, Altman əmin edir ki, AI insan yaradıcılığı və faydalılıq üçün yeni imkanlar yaradacaq: “Digər texnologiyalarda gördüyümüz kimi, AI-də də mənfi cəhətlər olacaq. Biz süni intellektin faydalarını maksimuma çatdırmaq və zərərlərini minimuma endirmək üçün indidən işə başlamalıyıq. Bir misal olaraq, bu texnologiyanın gələcək illərdə əmək bazarlarında (yaxşı və pis) əhəmiyyətli dəyişikliyə səbəb ola biləcəyini gözləyirik, lakin əksər iş yerləri insanların düşündüyündən daha yavaş templə dəyişəcək və mənin bu məsələyə dair heç bir qorxum yoxdur. Belə ki, süni intellekt bizə öz qabiliyyətlərimizi heç vaxt olmadığı səviyyədə gücləndirməyə imkan verəcək”.

Altman məqaləsini ümidverici bir proqnoz ilə yekunlaşdırır: “İntellekt əsrinin müəyyənedici xüsusiyyəti kütləvi rifah olacaq. Süni intellekt dünyanın ən çətin problemlərinin çoxunu həll etməklə yanaşı, həm də bəşəriyyətin nəyə qadir olduğunu yenidən müəyyənləşdirəcək”.