Bakının tarixi binaları təmir olunacaq - Komissiya yaradıldı

11:38 - 21.06.2024


21 iyun, Fineko/abc.az. Bakıda tarixi binalarının fasadlarında aparılan cari təmir işlərinin vəziyyətinin araşdırılması və nəzarətdə saxlanılması məqsədilə xüsusi Komissiya yaradılır. 

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat Xidmətindən ABC.AZ-a daxil olan məlumata görə, BŞİH paytaxtın təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilib.

Müşavirədə bir sıra məsələlər müzakirə edilib. Şəhər İcra Hakimiyyətində fəaliyyət göstərən monitorinq qrupları rayonlar üzrə mütəmadi olaraq reydlər keçirir və mövcud çatışmazlıqlar müəyyən edilərək aradan qaldırılması üçün aidiyyəti qurumlara və yerli RİH-nə göndərilir.

Qeyd olunub ki, paytaxt ərazisində təmizlik məsələlərinin daha da yaxşılaşdırılması məqsədi ilə Bakı Şəhər Mənzil Kommunal-Təsərrüfatı Departamentinin rəhbərliyinə tövsiyə edilib ki, rayon MKTB-nin rəhbərləri ilə birgə bu məsələlər müzakirə edilsin, aşkar edilən nöqsanların qısa müddətdə aradan qaldırılması üçün tədbirlər görülsün. Həmçinin şənbə günü təmizliklə bağlı ümumşəhər daxili iməciliyinin keçirilməsi tapşırılıb.