Hindistan və İran arasında Çabahar limanına dair 10 illik müqavilə imzalanacaq

09:57 - 13.05.2024


13 may, Fineko/abc.az. Hindistan növbəti on il ərzində Çabahar limanını idarə etməyə dair İranla saziş imzalamağı planlaşdırır. 

ABC.AZ xəbər verir ki, məlumata görə, Hindistanın limanlar, gəmiçilik və su yolları naziri Sarbananda Sonoval bazar ertəsi günü müqaviləni imzalamaq üçün İrana yollanacaq. Hindistan xarici limanın idarəedilməsini ilk dəfə öz üzərinə götürəcək. 

Təxmin edilir ki, Hindistanın Əfqanıstan, Orta Asiya və böyük Avrasiya məkanı ilə başlıca bağlantısı olan liman Pakistanla rəqabət edə biləcək.

Gələcəkdə Çabaharın Hindistanı İran üzərindən Rusiya ilə birləşdirəcək Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə əlaqələndirilməsi planlaşdırılır. Bu ticarət yolu Hindistan və Fars körfəzi dövlətlərindən İran, Azərbaycan və Rusiya əraziləri, o cümlədən bu üç ölkənin dəmir yollarının birləşdirilməsi yolu ilə Qərbi və Şimali Avropaya yüklərin daşınması üçün nəzərdə tutulmuşdur. Dəhlizin əsas üstünlüyü bundan ibarətdir ki, malların çatdırılma müddəti iki və ya üç dəfə azalacaq.