Almatıda Azərbaycan və Ermənistanın sülh danışıqları — Tokayevin bəyanatı

16:31 - 2.05.2024


2 may, Fineko/abc.az. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Almatıda Azərbaycan və Ermənistan arasında danışıqlar prosesi haqqında bəyanat verib.

ABC.AZ xəbər verir ki, Kasım-Jomart Tokayev hesab edir ki, qarşıdan gələn görüş Azərbaycan-Ermənistan razılaşmalarının praktiki həyata keçirilməsinə xidmət edəcək, Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün tezliklə bərqərar olmasına kömək edəcək.

Aprelin 29-da ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə telefon danışıqları olub. Əliyev Blinkenə bildirib ki, Qazaxıstan tərəfinin təklifi ilə Azərbaycan və Ermənistan Xarici İşlər Nazirləri tezliklə Almatıda sülh müqaviləsi üzrə danışıqları davam etdirmək üçün görüşəcəklər. Paşinyan Blinkenlə söhbət zamanı Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası prosesi haqqında da müsbət fikir bildirib və vurğulayıb ki, "sərhəd kəndlərinin sakinlərinin narahatlığı başa düşüləndir və onların legitim qorxularının həlli üçün hər şey ediləcək".