15:47 - 20.02.2024
20 fevral, Fineko/abc.az. Azər Əliyev DOST-un sədrinə müavin təyin edildi
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyinat olub.
ABC.AZ xəbər verir ki, Azər Əliyev DOST-un İdarə Heyəti sədrinin müavini təyin edilib. O bu vəzifənin icrasına 14 fevral 2024-cü il tarixində başlayıb.
Azər Əliyev 1977-ci ildə Moskva şəhərində anadan olub. Moskva Dövlət Hüquq Akademiyasını (MDHA) hüquq ixtisası üzrə bitirib. 2000-ci ildə ABŞ-nin Kolorado Universitetində 6 aylıq ingilis dili təhsili alıb. 2001-2003-cü illərdə Fransanın Ruel-Melmezon şəhərində yerləşən Neft Universitetində magistr dərəcəsinə yiyələnib.
Karyerasına 1998-ci ildə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Xarici İnvestisiyanın İdarə edilməsi üzrə Hüquq şöbəsində kiçik mütəxəssis vəzifəsi ilə başlayıb. Daha sonra “Teksako” Amerika Neft Şirkətinə neft nəqli üzrə layihə koordinatoru, 2003-2006-cı illərdə Fransanın “Total” Neft Şirkətinin Bakı nümayəndəliyində neftin nəqli sahəsində mühəndis vəzifələrində çalışıb.
2006-cı ildə “Qafqaz” Sığorta Şirkətinin baş direktoru vəzifəsinə təyin olunub. 2008-ci ilin əvvəlində “Qafqaz” Sığorta Şirkəti və “Atəşgah” Sığorta Şirkəti birləşdikdən sonra “Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinin sədri vəzifəsinə keçib. 2010-2012-ci illərdə “Azərbaycan Sığortaçılar Assosiasiyası”nın sədri kimi fəaliyyət göstərib.
30 İyul 2026
29 İyul 2026
29 İyul 2026