“Ural Hava Yolları” aviaşirkəti Gəncəyə reysi bərpa edir

17:25 - 30.01.2024


30 yanvar, Fineko/abc.az. “Ural Hava Yolları” aviaşirkəti Rusiya şəhərlərindən 20 beynəlxalq reysi, o cümlədən daha əvvəl ləğv edilən Moskva-Gəncə (Azərbaycan) aviareysini bərpa etmək niyyətindədir.

ABC.AZ aviaşirkətin məlumatına istinadən xəbər verir ki, artıq müvafiq materiallar beynəlxalq daşımaların yenidən başlanması üzrə qurumlararası komissiyaya təqdim olunub. Qurumlararası komissiyanın tərkibinə Rusiya Federasiyasının Nəqliyyat Nazirliyi və Hava Nəqliyyatı Federal Agentliyi (“Rosaviasiya”) daxildir. 

Söhbət Moskvadan Gəncəyə (Azərbaycan), Sankt-Peterburqdan Dehliyə (Hindistan), Jukovsk və Soçi aeroportlarından İstanbul (Türkiyə) istiqamətlərinə reyslərdən gedir. Bundan başqa, şirkət Yekaterinburq, Jukovsk, Kazan, Sankt-Peterburq və Krasnoyarskdan Qazaxıstanın şəhərlərinə, eləcə də Yekaterinburq, Krasnoyarsk, Sankt-Peterburq, Mahaçqala, Mineralnıye Vodı və Nijni Novqoroddan Özbəkistanın şəhərlərinə bir neçə aviareysi bərpa etməyi planlaşdırır.