Azərbaycan kosmik bilik məhsullarının ixracına başlayıb

12:00 - 30.01.2024


30 yanvar, Fineko/abc.az. Artıq kosmosda orbital mövqeyə malik olan Azərbaycan beynəlxalq kosmik bazarda təkcə peyk xidmətlərini deyil, həm də qazandığı bilik və təcrübəni kommersiyalaşdırır.

Belə ki, Azərkosmos özünün intellektual məhsulu olan radiotezliklərin idarəolunması üzrə təlim və konsultasiya proqramını Bəhreyn Krallığının “Telekommunikasiya üzrə Tənzimləmə Qurumu”na təqdim edib.

ABC.AZ xəbər verir ki, Bəhreyn Krallığının paytaxtı Manama şəhərində keçirilən 10 günlük proqram radiotezliklərin idarə edilməsi metodları, peyk və yerüstü stansiyaların qeydiyyata alınması üçün ərizələrin hazırlanması, peyk şəbəkələri arasındakı interferensiyanın təhlili və aradan qaldırılması, həmçinin bu istiqamətdə beynəlxalq qanun və hüquqi normalar kimi mövzuları əhatə edib. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Azərkosmos radiotezliklərin idarəolunması üzrə beynəlxalq səviyyədə koordinasiyanın düzgün və strukturlu aparılması məqsədilə yaratdığı bu bilik məhsulunun Afrika, Mərkəzi Asiya, Yaxın Şərqdə kosmos sahəsi üzrə inkişaf etməkdə olan ölkələrə ixracını davam etdirəcək.