“Azərbaycan Dəmir Yolları”nın törəmə şirkəti dünya nəhəngləri ilə əməkdaşlığa başlayır

10:45 - 15.11.2023


15 noyabr, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) törəmə müəssisəsi – “ADY Konteyner” MMC dünyanın ən böyük gəmiçilik şirkətləri “Maersk” və “Cosco” ilə əməkdaşlığa başlayır.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu layihələr çərçivəsində dəniz xətləri və dəmir yolu vasitəsilə müxtəlif istiqamətlər üzrə konteynerlərlə yükdaşımaların həyata keçirilməsi nəzərdə tutulur.

“Maersk” və “ADY Konteyner” şirkətlərinin birgə səyi ilə ilk olaraq yüklərin konteynerlərlə İspaniyadan Qazaxıstanın Aktau limanına çatdırılması həyata keçiriləcək. Balıq yemi ilə yüklənmiş konteynerləri “Maersk” gəmi ilə Gürcüstanın Poti limanına gətirəcək. Burada konteynerlər platformalara yüklənərək “ADY Konteyner”in operatorluğu ilə dəmir yolu vasitəsilə Bakı limanına çatdırılacaq. Daha sonra konteynerlər gəmi ilə Bakı limanından Aktau limanına aparılacaq.

“Cosco” ilə əməkdaşlıq çərçivəsində isə Qazaxıstandan çıxan konteyner qatarı dəmiryolu ilə Yalama stansiyasından Azərbaycana daxil olacaq, buradan isə Poti limanına çatdırılacaq. Daha sonra metallurgiya sənayesi məhsulları ilə yüklənmiş konteynerlərin gəmilərlə İtaliyaya çatdırılması nəzərdə tutulur. Yükdaşımanın Azərbaycan və Gürcüstan ərazisi ilə operatoru “ADY Konteyner”dir.