11:15 - 25.09.2023
25 sentyabr, Fineko/abc.az. Bu ilin I yarısında Azərbaycana məxsus avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 67% çox – 122 049 olub.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən ABC.AZ-a daxil olan məlumata görə, Azərbaycana məxsus avtomobil nəqliyyatı ilə III ölkə daşımaları üzrə göstəricilərdə də artım dinamikası müşahidə edilir. Azərbaycan daşıyıcıları 2022-ci ilin yanvar-iyun ayında 14 151 ədəd 3-cü ölkə daşımaları (xarici ölkədən digər xarici ölkəyə) həyata keçirdiyi halda, 2023-cü ilin eyni dövründə bu göstərici 27 743 olub.
2022-ci ildə III ölkə daşımaları üzrə Azərbaycan daşıyıcılarının həyata keçirdiyi daşımaların qeyri-neft ixracına nisbəti 6% olub. 2023-cü ilin 6 ayında bu göstərici 9.4%-ə çatıb. AYNA-nın hesablamalarına görə, cari ilin ilk yarısında III ölkə beynəlxalq yük daşımaları üzrə xidmətlərin ixracının dəyəri 166.55 milyon ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur.
2022-ci ildə Azərbaycan daşıyıcılarının ikitərəfli daşımalar üzrə həyata keçirdiyi daşımaların qeyri-neft ixracına nisbəti 15.5% ilə yekunlaşıb. Bu ilin təkcə 6 ayında analoji göstərici 21.5% təşkil edib. 2023-cü ilin ilk yarısında ikitərəfli beynəlxalq yük daşımaları üzrə xidmətlərin ixracının dəyəri 377.2 milyon ABŞ dolları səviyyəsində qiymətləndirilir. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 60% çoxdur.