"Bakı-Tbilisi-Qars dəmir yolu xətti tam yenilənir" - Türkiyəli nazir

14:28 - 25.08.2023


25 avqust, Fineko/abc.az. Bakı-Tbilisi-Qars dəmir yolu tam yenilənir və hazırda bağlı olmasına səbəb də bu yenilənmə ilə əlaqədardır. 

ABC.AZ xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Ankarada media nümayəndələri ilə görüşündə deyib.

Nazir bildirib ki, oktyabrda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Çinə səfəri ilə bağlı planları var: “Çin Türkiyənin Konya, Aksaray, Yenice və Akdeniz xətlərində işlərin müştərək görülməsinə maraq göstərir. Bir sıra tenderlər keçirilib və bu istiqamətdə danışıqlar aparılıb.

Regionumuzun “Bir kəmər, bir yol”un fəaliyyəti ilə bağlı kifayət qədər imkanları var. Əksər ölkələr ya tranzit rolunu oynamaqla, ya da birbaşa iştirakla bu layihədə yer almaq istəyir. Bizim də hazırda yenilənən Bakı-Tbilisi-Qars dəmir yolu xəttimiz var”.

"Azərbaycan Dəmir Yolları" QSC-dən verilən məlumata görə, tranzit daşımalarının həcminin artırılması məqsədilə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstan hissəsində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar yolda hərəkət məhdudlaşdırılıb. Dəmir yolu xəttinin Gürcüstandan keçən, uzunluğu 183 km olan mürəkkəb coğrafi relyefə malik sahəsində təmir-bərpa, rekonstruksiya və tikinti işlərini sürətləndirmək və layihənin icrasını qısa müddətdə başa çatdırmaq üçün yeni podratçılar cəlb edilib.