11:35 - 7.07.2023
7 iyul, Fineko/abc.az. Əhalinin daha çox hansı taksi xidmətlərindən istifadə etdiyi məlum olub.
Media Təhlil Mərkəzindən (MTM) ABC.AZ-a daxil olan məlumata görə, sözügedən məsələ ilə bağlı əhali arasında sorğu keçirilib.
Bir neçə variant seçmək imkanına malik olan respondentlərin 69%-i “Bolt”, 44%-i “Uber”, 15%-i “Yango”, 10%-i “189 taksi”, 8%-i “Maksim” istifadəçisi olduğunu bildirib. “Digər” variantını seçənlər cavab verənlərin 17%-ni təşkil edib.
Respondentlərdən taksi şirkətlərinin fəaliyyətində narazı olduqları məqamlar da soruşulub. Cavab verənlərin 18%-i avtomobillərin köhnə və texniki cəhətdən nasaz olmasından, 25%-i sürücülərin təcrübəsizliyindən, 15%-i yol hərəkəti qaydalarına riayət olunmamasından, 20%-i sərnişinlərlə qeyri-etik davranışlara yol verilməsindən narazıdır. İştirakçıların 22%-i isə digər məsələlərdən razı olmadığını bildirib.
Taksi ödənişlərində kart üsuluna üstünlük verənlər respondentlərin 24%-ni təşkil edib. Bu da 2021-ci ildə keçirilən sorğunun nəticələri ilə müqayisədə 1,8 dəfə çoxdur.
Sorğu iştirakçılarının 45%-i taksi xidmətlərinə ay ərzində 20 manatadək, 20%-i 20-30 manat, 14%-i 30-50 manat, 21%-i isə 50 manatdan çox xərclədiyini bildirib.
18 Avqust 2026