ABŞ Dövlət Departamenti Cənub Qaz Dəhlizinin vacibliyini vurğulayıb

13:24 - 30.06.2018


30 iyun, Fineko/abc.az.  ABŞ Dövlət Departamentinin nümayəndəsi Hizer Noyert Avropanın enerji təhlükəsizliyinin şaxələndirilməsinin vacibliyi barədə bəyanatla çıxış edib. Bəyanatda deyilir ki, bu həftə Vaşinqtonda keçirilmiş Dünya Qaz Konfransı enerji resurslarının şaxələndirmə matrisindən istifadə edən ölkələrin və regionların, bu resursların təchizat marşrutlarının və mənbə ölkələrinin enerji təhlükəsizliyinin əhəmiyyətini daha möhkəmləndirir. Noyert vurğulayıb ki, ABŞ Avropanın bir təchizat mənbəyindən asılı olmasının əleyhinədir. Bəyanatda xüsusi qeyd edilir ki, Birləşmiş Ştatlar 2020-ci ilə qədər Xəzərdən çıxarılan Azərbaycan qazını Avropa ölkələrinə nəql edəcək Cənub Qaz Dəhlizi layihəsi üzrə Azərbaycanda və Türkiyədə qazanılmış tarixi tərəqqini yüksək qiymətləndirir.

Dövlət Departamentinin nümayəndəsi onu da qeyd edib ki, ABŞ bu həftənin əvvəlində Dünya Qaz Konfransında Polşanın 2022-ci ildən etibarən Amerikadan maye təbii qaz idxalı barədə 20 illik saziş imzalanması barədə bəyanatını alqışlayır. Noyert daha sonra bildirib ki, Birləşmiş Ştatlar bütün dünyada öz müttəfiqlərinin və tərəfdaşlarının enerji təhlükəsizliyinə, energetikanın şaxələndirilməsinə şərait yaradan digər layihələri, o cümlədən Xorvatiya və Rumıniyanın energetika layihələrini də dəstəkləyir.