Azərbaycanda ən çox istismar və maraq göstərilən avtomobil - Araşdırma

14:05 - 20.06.2023


20 iyun, Fineko/abc.az. Azərbaycanda ən çox maraq göstərilən və daha çox istismarda olan avtomobillərlə bağlı araşdırma apardıq.

ABC.AZ olaraq bunun sizlər üçün maraqlı olduğunu nəzərə alıb maşın bazarında satıcı və alıcılardan fikirlərini öyrənməyə çalışdıq.

Əvvəlcə onu qeyd edək ki, hazırda hamımıza məlum olduğu kimi, ən çox istismar olunan avtomobil "Toyota" şirkətinin istehsalı olan "Prius"lardır.

Bunun da səbəbi sözügedən avtomobillərin benzin sərfiyyatı baxımından daha sərfəli olmasıdır. Onların əksəriyyəti taksi kimi sürülür.

Həm taksiyə yararlı olması, həm də ekonomik olmasından dolayı adıçəkilən avtomobillərə maraq da son zamanlar kəskin artıb. Bir zamanlar Bakı yollarında daha çox Almaniya istehsalı "Mercedes" avtomobilləri şütüyürdüsə, hazırda onları "Prius"lar əvəzləyir.

Dünya avtomobil sektorunda benzinlə işləyən avtomobillər yerini elektriklə hərəkət edən nəqliyyat vasitələrinə verdiyindən Azərbaycanda da bu tip maşınlara üstünlük verilməsi anlaşılandır. Hazırda demək olar ki, bazarda da ən çox elə bu seqmentdən olan avtomobillər satılır. Satıcılar xaricdən avtomobil gətirərkən daha çox elektriklə işləyən nəqliyyat vasitələrinə üstünlük verirlər.

Onlarla söhbətimizdə bilrdilər ki, bunu alıcıların marağına əsasən tənzimləyirlər. Yəni, alıcılar hazırda ilk növbədə ekonomik avtomobil axtarırlar. Ona görə də Bakıya ən çox "Prius"lar gətirilir.

Düzdür "Prius"ların satışından elə də çox qazanc əldə edə bilmədiklərini deyən satıcılar buna baxmayaraq sözegədən nəqliyyat vasitələrinin satışının pis olmadığını bildirdilər. Alıcılar da bu avtomobildən razılıq edirlər.

Onların fikrincə, hazırda hamının "Prius"lara axın etməsinin tək səbəbi ekonomikliyidir. Amma, komfort baxımından o qədər də uğurlu avtomobil deyil.

Müəllif: Elmir Murad