Avropada avtomobil satışları artıb

15:26 - 17.05.2023


17 may, Fineko/abc.az. Bu ilin aprel ayında Avropa İttifaqında (Aİ) avtomobil satışları keçən ilin eyni ayı ilə müqayisədə 17,2% artaraq 803 188 ədəd olub.

ABC.AZ xəbər verir ki, bu barədə Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) məlumatlarında deyilir.

Məlumata görə, Aİ-nin bütün əsas bazarları güclü satış artımı göstərib. Belə ki, satışlar İtaliyada 29,2%, Fransada 21,9%, Almaniyada 12,6%, İspaniyada 8,2% artıb.

Bütövlükdə Avropada satılan yeni avtomobillərin sayı (Aİ ölkələri və İslandiya, Norveç, İsveçrə və Böyük Britaniya daxil) aprel ayında 16,1% artaraq 964 932 avtomobilə çatıb.

“Volkswagen” qrupuna aid avtomobillərin (o cümlədən “Shkoda”, “Audi”, “Seat”, “Porsche” və s. daxil olmaqla) Aİ-də satışları keçən ay 31,2% artaraq 220 459-a çatıb. Bu şirkətin Aİ-dəki bazar payı bir il əvvəlki 24,5%-dən 27,4%-ə yüksəlib.