Zəngilan” tankeri suya salınıb - Detallar

12:15 - 16.05.2023


16 may, Fineko/abc.az. İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Qaradağ Sənaye Parkının rezidenti - “Bakı Gəmiqayırma Zavodu” MMC-nin inşa etdiyi "Zəngilan” tankeri suya salınıb.

ABC.AZ xəbər verir ki, bu münasibətlə keçirilmiş tədbirdə Agentliyin İdarə Həyətinin sədri Elşad Nuriyev bildirib ki, gəminin gövdə hissəsi 100 % inşa edilib:

"Qalan tamamlanma işləri gəmiqayırma zavodunun yanalma körpüsündə davam etdiriləcək. Bu məqsədlə tanker zavodun tikinti-quraşdırma sahəsindən üzən dok üzərindən hidravlik arabacıqlar vasitəsilə suya salınıb".

"Gəminin konsepsiyası Ukraynanın Odessa Dəniz Mühəndisliyi Bürosunun təcrübəli mütəxəssisləri ilə birlikdə hazırlanıb. "Volqa-Don MAX" layihəsi olan bu gəmi maksimum yükgötürmə qabiliyyəti ilə Volqa-Don çayından keçmək imkanına malikdir. Tankerin uzunluğu 141, eni 16,9, hündürlüyü isə 6 metrdir. 15 nəfərlik heyətlə idarə edilən gəmi saatda 10 knot sürətlə hərəkət edə biləcək. Tanker xam neft və neft məhsulları daşınması üçün nəzərdə tutulmuş ümumi tutumu 9212 kub metr olan 6 yük çəninə malikdir.