Bu qurumda işə qəbul qaydası dəyişir

16:22 - 4.05.2023


4 may, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) yeni inkişaf strategiyasına uyğun olaraq proseslərin səmərəli təşkil olunması və avtomatlaşdırılması  ilə əlaqədar  dəmir yollarının ehtiyacları, işçi heyətinə olan real təlabat və kadr potensialının inkişaf perspektivləri yenidən dəyərləndirilməkdədir.

Hazırda vakansiyaların əsasən daxili kadr ehtiyatı hesabına komplektləşdirilməsi, işə qəbul prosesinin tam avtomatlaşdırılması, eyni zamanda daxili və xarici təlimlər vasitəsilə əməkdaşların bilik və bacarıqlarının əhəmiyyətli dərəcədə təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlər görülməkdədir.

ABC.AZ xəbər verir ki, bu, “Azərbaycan Dəmir Yolları” QSC-nin yaydığı məlumatda bildirilir.

Qeyd edilib ki, ADY-də işə qəbul Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələbləri nəzərə alınmaqla Cəmiyyətin müvafiq sahədə daxili sənədlərinə uyğun olaraq müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə prosesi müraciətlərin ilkin seçimi, namizədlərin test imtahanlarında iştirakı və müsahibə olmaqla 3 mərhələdən ibarətdir.