11:34 - 19.04.2023
19 aprel, Fineko/abc.az. Bir neçə gün əvvəl Mərkəzi Bankın notlarını şirkətlərin də ala biləcəyi barədə məlumat yaymışdıq. ABC.AZ xəbər verir ki, Mərkəzi Bank sözügedən not hərracları üzrə şərtləri və şirkətlərlə bağlı limit-tələbləri açıqlayıb. Yeni qayda aprelin 19-20-də keçiriləcək not hərracında tətbiq olunacaq.
Aprelin 19-20-də Bakı Fond Birjasında Mərkəzi Bankın ümumilikdə 120 milyon manatlıq notları hərraca çıxarılacaq. Notlar 4 lotda satılacaq. Bunlar hər biri 30 milyon manat olan 28 günlük, 3 aylıq, 6 aylıq və 9 aylıq notlardır.
İlk dəfə olaraq budəfəki not həracında banklarla yanaşı aşağıdakı şirkətlər də iştirak edə biləcək. Qaydalara görə, bunlar qeyri-neft-qaz və qeyri-dövlət şirkətləri, eləcə də maliyyə və sığorta sahəsində çalışmayan şirkətlər olmalıdır. Şirkətlərin təşkilati hüquqi forması kommersitya təyinatlı (ASC, QSC, MMC, kooperativlər və s.) olmalıdır.
Hərracın şərtlərinə gəlincə isə, müəyyən mənada notların alınması üçün şirkətlərə yaradılan imkanlar hətta banklardan da üstündür.
Belə ki, hərrac zamanı sifarişlərin növünə və həcminə aşağıdakı məhdudiyyətlər tətbiq olunacaqdır:
- Banklar tərəfindən 1 rəqabətli sifariş təqdim edilə bilər. Verilən sifarişin məbləği hərraca çıxarılmış həcmin 10%-dən çox olmamalıdır.
- Banklar istisna olmaqla, digər iştirakçılar tərəfindən 1 rəqabətli və 1 qeyri-rəqabətli sifariş təqdim edilə bilər. Rəqabətli sifarişin məbləği hərraca çıxarılmış həcmin 8%-dən çox olmamalıdır.
Banklar istisna olmaqla, digər iştirakçı tərəfindən verilən qeyri-rəqabətli sifarişin məbləği onun rəqabətli sifarişinin məbləğinin 20%-dən artıq olmamalıdır. Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin ümümi məbləği hərraca çıxarılmış həcmin 20%-i səviyyəsində limit müəyyən olunub.
Hərrac zamanı iştirakçıların sayı 5-dən az olduqda hərrac baş tutmamış hesab ediləcək. Bağlanmış əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcək.
Müəllif: Elmir Muradov