Bu fermerlərin xüsusi çəkisi 43 faizə yüksəlib

15:46 - 13.04.2023


13 aprel, Fineko/abc.az. Azərbaycanda torpaq sahəsinə çıxarış əldə etmiş fermerlərin xüsusi çəkisi 43 %-ə yüksəlib.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə bildirib.

"Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) yaradılanda bu rəqəm 23 % idi", - deyə o qeyd edib.

Nazirlik rəsmisinin sözlərinə görə, subsidiyaların verilməsində şəffaflığın vacib şərtlərindən biri kimi, ümumilikdə isə fermerlərin torpaq mülkiyyəti hüququnun təmin olunması üçün ölkə prezidentinin müvafiq fərmanları əsasında pay torpaqları üzərində istifadə hüququna dair sənədi olmayan fermerlərə 2021-ci ildən çıxarışlar dövlət rüsumu və xidmət haqqı olmadan verilir. Vahid torpaq sənədinin tətbiqi üçün yenilənmə prosesinə başlanılıb.

"Dövlət başçısının 27 iyun 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na əsasən artıq 2020-ci ildən başlayaraq bitkiçilik və heyvandarlıq sahəsində fermerlərə subsidiyalar yalnız EKTİS vasitəsilə verilir: “Bu da fermerlərə dair daha detallı məlumatların əldə edilməsinə və sistemləşdirilməsinə şərait yaradır. Belə ki, əkinlərini bəyan edən fermerlərin rayon və kəndlər üzrə sayı, bəyan edilən ərazi, təsərrüfat profili, eləcə də məhsul və heyvan subsidiyasına dair məlumatlar strukturlaşdırılaraq təhlil edilir”, - deyə F.Fikrətzadə əlavə edib.