Avtovağzallar gücləndirilmiş iş rejiminə keçir

16:37 - 15.03.2023


15 mart, Fineko/abc.az. Respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar Novruz bayramı ərəfəsində və bayram günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün martın 15-dən 27-nə kimi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

ABC.AZ xəbər verir ki, bu barədə  Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişin daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən fasiləsiz və təhlükəsiz hərəkətin təmin edilməsi, kassalardan tariflərə uyğun biletlərin qanunamüvafiq qaydada satışının həyata keçirilməsi, bayram günlərində yarana biləcək sərnişin sıxlığının qarşısının alınması, eləcə də avtobusların təsdiq edilmiş cədvəl üzrə hərəkət qrafiklərinə ciddi riayət edilməsi ilə bağlı bütün avtovağzal və avtostansiyalara müvafiq tapşırıqlar verib.