Əsas sərmayələrimiz azad olunmuş ərazilərin bərpasına yönəlib - Nazir

12:32 - 28.10.2022


28 oktyabr, Fineko/abc.az. “Artıq qaçılmaz reallıq ondan ibarətdir ki, bu gün bizim əsas sərmayələrimiz azad olunmuş ərazilərin bərpasına yönəlib”.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu Milli Məclisdə müzakirələr zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, bu da təbii olaraq hökumətin digər vacib infrastruktur layihələrinin həyata keçirilməsi üçün maliyyə tələbatını artırır, müəyyən mənada təzyiq yaradır:

“Bu qanun layihəsindən gözlənti ondan ibarətdir ki, digər infrastruktur layihələrinin maliyyələşməsinə kömək edəcək və birbaşa dövlət maliyyələşməsindən asılılığı kifayət qədər azaldacaq. Bu gün beynəlxalq aləmdə kifayət qədər çalxalanmalar olur, 2020-ci ildə pandemiya olub. 2022-ci ilin oktyabr ayının sonuna həm Dövlət Gömrük Komitəsinin, həm də Dövlət Vergi Xidmətinin xətti ilə mədaxil proqnozunu artırmışıq. Bu mənada biz uzunmüddətli baxışa üstünlük verdikdə, dövlət maliyyələşməsinin asılılığından ictimai əhəmiyyət daşıyan layihələrin sürətini azaldır”.