Federasiya rəhbəri gömrük qaydalarını pozdu - 300 manat cərimələndi

14:57 - 19.09.2022


19 sentyabr, Fineko/abc.az. Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədov gömrük qaydalarını pozduğu üçün 300 manat cərimələnib.

ABC.AZ Qaynarinfo-ya istinadən xəbər verir ki, federasiya rəhbərinin cərimələnməsinə səbəb Almaniyanın “İronMaxx ” şirkətinə məxsus idman qida məhsullarını Azərbaycana gətirdikdən sonra Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) tələb olunan icazə sənədini gömrük orqanına 45 gün ərzində təqdim etməməsi olub. 

Araşdırma zamanı müəyyən edilib ki, Cəsarət Əhmədovun rəhbəri olduğu MMC-nin ünvanına Almaniyanın “İRONMAXX NUTRİTİON GMBH” şirkətindən gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara dair gömrük bəyannaməsilə birgə təqdim edilməli olan qida təhlükəsizliyi sertifikatı sənədi müəyyən edilmiş müddət ərzində gömrük orqanına təqdim edilməyib.

Bununla da, MMC tərəfindən müvafiq sənədlərin təqdim edilməsi müddəti pozulub. Nəticədə MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilib.

Səbail Rayon Məhkəməsinin hökmü ilə Cəsarət Əhmədovun rəhbəri olduğu MMC 300 manat məbləğində cərimə edilib.