Daha 12 ailə Zəngilana yola salındı

11:39 - 7.09.2022


7 sentyabr, Fineko/abc.az. Bu gün Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinin ikinci mərhələsinə start verilib.

ABC.AZ xəbər verir ki, 12 ailədən (63 nəfər) ibarət növbəti qrup Abşeron rayonu Masazır qəsəbəsində yerləşən və Zəngilan şəhərciyi adlanan yaşayış məntəqəsindən öz doğma yurd-yuvalarına yola salınıb.

Digər 13 ailə (62 nəfər) isə sentyabrın 10-da Ağalı kəndinə köçürüləcək.

Köçürülənlər arasında Birinci, İkinci və Üçüncü Ağalı kəndlərinin sakinləri var.

Mövcud qanunvericiliyə əsasən, məcburi köçkünlər daimi yaşayış yerlərinə qayıtdıqdan sonra üç il müddətində dövlətin onlar üçün müəyyən etdiyi sosial müdafiə tədbirlərindən yararlana biləcəklər. Qeyd edək ki, Ağalı kəndinə əhalinin köçürülməsi Böyük Qayıdışın ilk qədəmləridir. İşğala qədər bu inzibati ərazi 3 kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda 161 ailə (675 nəfər) yaşayıb. Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352-dir (1504 nəfər).