Salyanda su və kanalizasiya infrastrukturları yenilənir

15:41 - 24.02.2022


24 fevral, Fineko/abc.az. Salyan şəhərində yeni içməli su və kanalizasiya infrastrukturları yaradılır.

“Azərsu” ASC-dən ABC.AZ-a verilən məlumata görə, Şirvan-Muğan qrup su kəmərindən Salyan şəhərinə 9 km magistral su xəttinin və 7500 kubmetr tutumu olan su anbarının istismara verilməsi ilə şəhərin su təminatı üçün əlverişli imkanlar yaranıb.

 Ötən müddətdə mərhələlərə Salyan şəhərinin və şəhər mərkəzinə yaxın Babazanlı yaşayış massivinin içməli su şəbəkəsi yenidən qurulub. Hazırda Salyan şəhərinin yeni yaşayış massivində içməli su şəbəkəsi yaradılır. Bu mərhələ çərçivəsində 11,5 km içməli su şəbəkəsinin 7,5 km-lik hissəsi inşa edilib. Yeni yaradılan şəbəkədən hər bir ünvana birləşmələr verilir. Ümumilikdə ötən müddətdə Salyan şəhərində inşası nəzərdə tutulan 131 km içməli su şəbəkəsinin 105 km-lik hissəsi inşa edilib.

Salyan şəhərində tullantı su infrastrukturunun yenidən qurulması növbəti mərhələlərdə həyata keçiriləcək. Layihə çərçivəsində 123 km kanalizasiya şəbəkəsinin yaradılması nəzərdə tutulub.